Azərbaycan iqtisadiyyatında ekoloji kənd təsərrüfatı neft və tikinti sahələrindən sonra üçüncü ən iri sahə olmaqla iş yerləri ilə təminatda ən böyük pay sahibidir. Ekoloji kənd təsərrüfatı ənənəvi kənd təsərrüfatına alternativ bir sistemdir. Onun əsas prinsipi istehsalçıların həyatını, ağlamlığını, təbii ehtiyatların və ətraf mühitin mühafizəsini təmin edən sabit və davamlı inkişafa nail olmaqdır.
Ancaq son illər ölkənin kənd təsərrüfatı sahəsində ciddi problemlər var. Bu, daha çox torpaqların əkib-becərilməsi, məhsuldarlığın aşağı olması ilə bağlıdır. Aydındır ki, bu cür problemlər ekoloji kənd təsərrüfatının inkişafını ləngidən amillərdən biridir. Ölkə rəhbərliyi zaman-zaman bu sahəyə nəzarət edilməsi, yardımların ayrılması barədə fərmanlar imzalasa da təəssüf ki, fermerlər bunun nəticələrini hiss edə bilmirlər. Hər il fermerlər üçün ayrılan subsidiyalarla aqrolizinq sahəsində müxtəlif işlər görülür. Lakin nə fərman və proqramlar, nə də ayrılan vəsaitlər problemləri həll etmək üçün qənaətbəxş deyil. Çünki ayrı-ayrı məmurların özbaşınalığı, yol verilən korrupsiya halları bu sahənin inkişafında başlıca əngəllərdəndir. Belə ki, fermerlərə ayrılan kreditlərin ya verilməməsi, ya da gecikdirilməsi ucbatından ölkədə kənd təsərrüfatına qoyulan investisiyalar azalır. Bu da imkansız fermerlərin torpağı vaxtlı-vaxtında əkib-becərməsinə ciddi maneə yaradır. Eksperlər də kənd təsərrüfatının inkişafına maneə olan başlıca amillərin məhz bu sahədəki korrupsiya halları ilə bağlı olduğunu qeyd etdilər.
Kənd təsərrüfatı statistikasına əsasən kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 2015-ci ilin yanvar ayında 222,0 milyon manat olmuşdur. Yanvar ayında istehsal olunmuş ümumi kənd təsərrüfatı məhsulunun 97,8 faizi heyvandarlıq sahəsinin, 2,2 faizi isə bitkiçilik sahəsinin payına düşür.
2015-ci ilin yanvar ayında istehsal olunmuş bütün kənd təsərrüfatı məhsullarının natural ifadədə həcmi 2014-cü ilin eyni dövrü ilə müqayisədə artmışdır. 2015-ci ilin yanvar ayında 16,7 milyon ABŞ dolları həcmində kənd təsərrüfat məhsulları ixrac olunmuş və 2014-cü ilin müvafiq dövrünə nəzərən dəyər ifadəsində 36,9 faiz artmışdır.
Kənd təsərrüfatı məhsulları üzrə ixracın əsasını təşkil edən meyvə ixracının, həmçinin tütün xammalı və gön-dəri xammalı üzrə ixracın natural ifadədə həcmi əsaslı şəkildə artmışdır. Bunun müqabilində tərəvəz ixracının natural ifadədə həcmi 2014-cü ilin müvafiq dövrünə nisbətən azalmışdır.
2015-ci ilə nisbətən 2016-cı ilin yanvar ayında kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 224,2 milyon manat olmuşdur. Yanvar ayında istehsal olunmuş ümumi kənd təsərrüfatının məhsulunun 98,2 faizi heyvandarlıq sahəsinin, 1,8 faizi isə bitkiçilik sahəsinin payına düşür. Həm bitkiçilik, həm də heyvandarlıq sahəsində məhsul istehsalı 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə artmışdır.
2016-cı ilin yanvar ayında istehsal olunmuş bütün kənd təsərrüfatı məhsullarının natural ifadədə həcmi 2015-ci ilin eyni dövrü ilə müqayisədə artmışdır. 2016-cı ilin yanvar ayında 19,7 milyon ABŞ dolları həcmində kənd təsərrüfatı məhsulları ixrac olunmuşdur. Kənd təsərrüfatı məhsulları ixracının həcmi 2015-ci ilin müvafiq dövrünə nəzərən dəyər ifadəsində 13,5 faiz artmışdır.
2015-ci ilin müvafiq dövrünə nisbətən meyvə, tütün xammalı və gön-dəri xammalının natural ifadədə ixracı azalmış, tərəvəz, çay və pambığın natural ifadədə ixracı isə artmışdır.
Statistikalar hər il əvvəlki ilə nisbətən artımın olduğunu göstərsə də, real vəziyyət heç də qane edici deyildir. Kənd təsərrüfatında yaşanan ciddi problemlərdən biri də satışla bağlıdır. Bu gün fermerlər istehsal etdikləri məhsulu sata bilmirlər. Nəticədə hətta subsidiyalardan yararlanmaq belə öz nəticəsini vermir. Məhsul satılmır və ya maya dəyərindən belə aşağı satılır ki, bu da fermerin marağına uyğun gəlmir. Çəkdiyi əziyyətin qarşılığı almayan fermer növbəti il məhsul əkməkdə maraqlı olmur və beləliklə yavaş-yavaş ölkə təsərrüfatında tənəzzül yaşanır.
Bununla belə, ölkəmizdə aqrar sahənin inkişafına dövlət dəstəyi getdikcə artır, bu sahədə bir sıra stimullaşdırıcı tədbirlər həyata keçirilir. Son illər Azərbaycanda neft gəlirlərindən səmərəli istifadə edilməsi iqtisadiyyatın şaxələndirilməsinə və qeyri-neft sektorunun inkişafına səbəb olmuşdur. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2015-ci ilin yanvar-iyul aylarında Azərbaycanın qeyri-neft sektorunda 9 faiz artım baş vermişdir ki, bu da ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsidir.
İqtisadiyyatın şaxələndirilməsi bütün digər sahələr kimi aqrar bölmənin də inkişaf etdirilməsi üçün əlverişli imkanlar yaratmışdır. Xatırladaq ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan aqrar siyasət ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məlum olduğu kimi, dövlət başçısı kənd təsərrüfatının inkişafına yeni təkan vermək və onun modernləşdirilməsini sürətləndirmək, aqrar sektorda mövcud problemlərin həllinə sistemli və kompleks yanaşmanı təmin etmək, bu sahəyə dövlətin inzibati və maliyyə resurslarını səmərəli şəkildə cəlb etmək, ölkəmizin aqrar potensialını geniş təbliğ etmək məqsədilə bu il yanvar ayının 12-də imzaladığı sərəncamla 2015-ci ili Azərbaycanda “Kənd təsərrüfatı ili” elan etmişdir.
Təkcə onu qeyd etmək kifayətdir ki, Azərbaycanın 2015-ci ilin dövlət büdcəsində kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsinə 596 milyon 152 min manatdan artıq vəsait ayrlmışdır ki, bunun da 568 milyon 688 min 675 manatı bilavasitə kənd təsərrüfatı xərclərinə aiddir. Kənd təsərrüfatı xərclərinin dövlət büdcəsindəki xüsusi çəkisinin ilbəil artırılması isə onu deməyə əsas verir ki, Azərbaycan yaxın illərdə özünü vacib ərzaq məhsulları ilə təmin etməklə yanaşı, həm də bu sahədə regionun əsas ixracatçı ölkəsinə çevriləcəkdir.