Üzüm sarmaşan bitki olduğundan, sürətlə uzanaraq öz kökündən daha tez kənarlaşır. Bunun qarşısını almaq üçün tənəklər hər il kəsilərək gödəldilməlidir. Bu zaman biz bir sıra işləri həll etmiş oluruq:

  1. Cavan (1-3 yaşlı) tənəklərə forma veririk;
  2. Bar verən tənəklərdə verilmiş formanı saxlamaqla, məhsul artımına nail oluruq;
  3. Qocalmış tənəkləri cavanlaşdırırıq. Azərbaycanda üzüm tənəklərində tarixən aşağıdakı becərilmə formaları tətbiq edilmişdir.

Xiyaban: Bir çox aran rayonlarında (Ağdam, Bərdə, Kürdəmir, Göyçay və b.) üzüm tənəklərini hündürboylu ağac və kolların üzərinə dırmaşdırmaqla becərilən formadır. İstilik çox olan ərazilərdə belə becərilmədə üzümlərin şəkərliliyi daha yüksək olur, xəstəliyə az yoluxurlar. Lakin məhsula qulluq və onun yığılmasında çətinliklər olduğundan bu becərmə forması çox genişlənməmişdir.

Kələsər (öküz başı): Bu becərilmə üsulu da qədim tarixə malikdir. Bu formada tənəklərə heç bir dayaq tətbiq olunmur. Tənəkdə 1-4 ədəd qısa, yoğun ştamp yaradılır. Onların üzərində qısa (2-4 gözdən ibarət) zoğlar saxlanılır və onlardan məhsul alınır. Hazırda bu forma Abşeronda bəzi həyətyanı sahələrdə tətbiq olunur.

Çardaq (talvar): Ağac və ya dəmir-beton dirəklərdən ərazinin sahəsinə uyğun müxtəlif  hündürlükdə (2-4 m) və uzunluqda çardaq düzəldilir, ətrafında bitkiarası 2 m saxlanılmaqla tənəklər basdırılır, qulluq edilərək çardağın (talvarın) üzərinə yönəldilir. Bu formada bitkilərə qulluq,  budanılması və b. daha asan olur.

Şpaler: Bu üsul üzüm tənəklərinin ən geniş yayılmış becərilmə formasıdır. Bu formada tənəklər cərgəvi üsulla əkilir. Torpaq-iqlim şəraitindən və becərmənin mexanikləşmə səviyyəsindən asılı olaraq cərgəarası  2-2,5-3-4 m, cərgədə bitkiarası məsafə 1,5-2 m saxlanılmaqla cərgəyə ara məsafəsi 5 m olmaqla dəmir-beton dirəklər basdırılır və 3-4 sıradan məftillər çəkilir və tənəklər həmin məftillərə bağlanılır. Şpalerdə becərildikdə tənəklərə ştampsız (gövdəsiz), qısa ştamplı (0,5 m-ə qədər) və hündür ştamplı (0,5-1,2 m) yelpik formaları verilir.

Ştampsız və qısa ştamplı yelpik formalar əsasən tənəyin üstü qışda örtülən (Naxçıvan) və güclü küləkli (Abşeron)  zonalarda, hündür ştamplı yelpik formalar isə qidalı, suvarılan zonalarda və güclü boy atan sortlarda tətbiq edilir.

Məhsuldar tənəkləri quru budamaq üçün ilk növbədə iti bağ qayçısı əldə etmək lazımdır. Qayçı budağı və ya zoğu birinci cəhddə kəsməlidir. Əvvəlcə bitkinin kök boğazında və ştampında əmələ gəlmiş haramı zoğları kəsmək vacibdir. Bu zoğlar o halda saxlanılır ki, əyri, çox zədəli və qocalmış stamp əvəz olunmalıdır və ya qonşu tənəyin yerı boş olan halda torpaq doldurması yolu ilə həmin boş olan yer bərpa olunmalıdır. Bundan sonra tənəyin qolları üzərindəki zoğlar seyrəldilir və gödəldilir. Budama zamanı bir məqam diqqət mərkəzində olmalıdır. Məhsuldar zoğlar tənəyin birillik zoğlarının üstündə formalaşmış cavan, sarı rəngli zoğlardır. Yaşlı hissələrdə, yəni qonur, çadırlı qolların və ştampın üzərində olan birillik zoğlar məhsulsuz və ya çox az məhsullu olurlar. Belə zoğları müstəsna hallarda, yəni, qolu və ya ştampı bərpa etmək məqsədilə saxlamaq olar. Normal halda isə tənəyin 3 yaşdan yuxarı hissələrində əmələ gəlmiş bütün zoğlar dibindən kəsilərək atılır.

Üzüm tənəklərində yaşıl budama işləri

Üzüm tənəyində hər il həm kök boğazından, həm də yerüstü orqanlardan (ştampdan, çoxillik qollardan, həmçinin birillik zoğlardan) çoxlu miqdarda yaşıl zoğlar əmələ gəlir.

Üzümçülükdə kök boğazında və çoxillik orqanlarda əmələ gəlmiş zoğlara haramı zoğlar, yarpaq qoltuğunda əmələ gəlmiş zoğlara isə bic zoğlar deyilir.

Vegetasiya dövrü əmələ gəlmiş həmin haramı və bic zoğlar əksər hallarda qoparılaraq atılmalıdır. Əks halda onlar güclü inkişaf edərək əsas barlı zoğların qidasına şərik çıxır, çətirdə sıxlıq yaradır, nəticədə məhsul itkisinə səbəb olurlar. Ancaq bu zoğlar bəzi hallarda saxlanılmalıdır. Belə ki, haramı zoğlar, zədələnmiş, əyri inkişaf etmiş və ya qocalmış ştampları bərpa etmək üçün, bic zoğlar isə tənəyin əkildiyi birinci ili ona sürətli formavermə məqsədilə və yaşıl zoğlar güclü zədələndikdə onu bərpa etmək məqsədilə saxlanılır. Haramı və bic zoğların qoparılması, əsasən may ayında aparılır.

Bundan başqa, üzüm tənəklərində barlı zoğların uclarının vurulması (kəsilməsi) əməliyyatı da aparılmalıdır. Belə ki, sonuncu çiçək salxımından 3-4 yarpaq sonra barlı zoğların ucları vurulur. Barlı zoğların uclarının qoparılmasında məqsəd digər zəif inkişaf edən zoğların boyunu nizamlamaq və zoğa daxil olan qida maddələrini çiçək salxımına yönəltmək, həmçinin çətirdə işıqlanmanı təmin etməkdir. Ucların vurulması çiçəkləməyə bir neçə gün qalmış aparılır.

Tənəklərdə tətbiq olunan digər yaşıl budamadan biri də iyul ayının axırları, avqust ayının birinci yarısında aparılan budamadır. Bu budamada çox uzanmış bütün yaşıl zoğların ucları bağ qayçısı ilə kəsilərək atılır. Ucları kəsilmiş zoğlar tez odunlaşır (yetişir) və qış şaxtalarına davamlı olurlar.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *