Kompost nədir?

Kompost – müxtəlif növ üzvi tullantılardan alınan gübrədir.

 Kompostun tətbiqi niyə lazımdır?

Mineral gübrələrin baha olması və onun tətbiqi zamanı mineral gübrə qalıqlarının əldə olunan məhsulda toplanması təsərrüfat sahiblərini yerli resurslardan istifadə etməklə alternativ üsulları tətbiq etməyə vadar edir. Bu alternativ üsullardan biri də kompostlardan istifadədir.

Kompostun əhəmiyyəti nədədir?

  • Kompostun tərkibində olan qida maddələri bitki tərəfindən asan mənimsənilən halda olduğu üçün bitkilər qida maddələrini tez mənimsəyə bilir.
  • Torpaqda olan mikroorqanizmlərin həyat fəaliyyətini gücləndirir ki, bu da torpağın fiziki və mexaniki tərkibinin yaxşılaşmasına səbəb olur.
  • Torpaqların hava və su rejimini yaxşılaşdırır.
  • Kompostdan istifadə torpaq üzvi maddəsinin miqdarı artırır, onu külək və su eroziyasına qarşı davamlı edir
  • Bitkilərin xəstəlik və ziyanvericilərə qarşı davamlılığı (immuniteti) artır, meyvə və tərəvəzlərin dad keyfiyyəti və onların saxlanma müddəti xeyli artır
  • Kompostun tətbiqi ilə alınmış məhsul tamamilə ekoloji təmiz məhsul hesab olunur.
  • Ətraf mühitin çirklənməsinin qarşısı alınır.

Kompostun tərkibi

Kompostun tərkibində əsas qida maddə-lərinin hər birinə rast gəlinir.

  • Karbon/Azot (C/N) nisbəti – 20:1 – 35:1
  • Karbon/Fosfor (C/P) nisbəti – 100:1 – 150:1
  • Nəmlik – 50% – 60%
  • Məsaməlilik – 30,5% – 50,0%
  • pH – 6,5 – 8,0
  • Oksigenin konsentrasiyası – 5%-dən çox

Kompostu nədən hazırlamaq olar?

Komostu hazırlamaq üçün tərkibində azot və sellüloza olan üzvü tulantılardan istifadə edilir. Azot ilə zəngin tulantılara heyvan və quş peyini (küləşli peyin), ərzaq, meyvə və tərəvəz qalıqları, paxlalı bitkilərin güləşi, kökümeyvəlilərin, biçilmiş ot, yaşıl qarğıdalı və digər yaşıl bitkilər daxildir. Sellüloza ilə zəngin olan qalıqlara isə quru yarpaqlar, küləş, ağac qabığı və qırıntıları daxildir.

Kompostlaşdırma üçün yararlı material:

  • Bitki materialı: N və C-la zəngin materialın balanslı qarışığı.
  • Heyvan peyini: inək, donuz (K və P-la zən-gin), quş (P-la çox zəngin), keçi, at və s.
  • Oduncaq külü: tərkibində K, Na, Ca, Mg və s. var.
  • Təbii mineral fosfor gübrəsi: belə fosfor üzvi maddələrə birləşir və beləliklə torpaq mineralları tərəfindən az udulur. Buna görə də onu birbaşa torpağa tətbiq etməkdənsə komposta əlavə etmək daha yaxşıdır.
  • Gilli torpağın kiçik miqdarı kompostlaşma prosesini və kompostun keyfiyyətini yaxşılaşdırır. Onlar başqa materiallarla qarışdırılır, yaxud qida maddələri itkisini azaltmaq üçün qalağın örtülməsində istifadə edilir.

Kompostlaşma üçün yararsız material:

  • Pas yaxud virus kimi xəstəliklərə yoluxmuş bitki materialları.
  • Günəş altında ilkin qurudulmamış davamlı çoxillik alaqlar.
  • Qeyri/təbii mənşəli materiallar məs. metal yaxud plastik.
  • Sərt tikanları olan materiallar.

Material nə qədər zərif və səthi çox olarsa o qədər onun bakteriyalar tərəfindən həzm olunması asanlaşır. Materialın ideal uzunluğu 2-5 sm-dir. Əgər bəzi materiallar daha kiçikdirsə (məsələn: kiçik ot, mətbəx tullantısı, kül), qalağın yaxşı aerasiyasını təmin etmək üçün onlar daha böyük həcmli materiallarla qarışdırılmalıdır.

İdeal kompostlaşma prosesinin getməsi üçün qarışıq yaxşı olar ki, təxminən  aşağıdakılardan ibarət olsun:

  • 1/3 hissə zəngin strukturlu böyü k həcmli material (xırdalanmış budaqlar və ağac qabığı, əvvəlki kompostdan ayrılmış irihəcmli materiallar
  • 1/3 hissə yüksək C/N – nisbətinə malik orta zəriflikdə material (saman, yarpaqlar, bitki qalıqları və s.)
  • 1/3 hissə aşağı C/N – nisbətli zərif material (məişət tullantıları, heyvan peyini və s.)5-10% torpaq.

 Kompostu necə hazırlayırlar?

Kompostu quyuda və ya qıraqları bərkidilmiş torpaq üstü topalarda hazırlamaq olar. Ən yaxşı üsul qıraqları 1,0 – 1,5 metr hündürlükdə bağlanmış topalarda hazırlamaqdır. Topanın həcmi minimum 2-3 m3 olmalıdır. Kompost hazırlanacaq yer səthinə 20-25 sm qalınlığında küləş və ağac ovuntusu tökmək məsləhət dir. Daha sonra bu təbəqənin üzərinə qarışıq olaraq və ya lay-lay şəklində olmaqla kompost hazırlanacaq materiallar tökülür. Bu materiallara kompostun alınmasını tezləşdirmək üçün mütmadi olaraq su əlavə olunur. Nəmlik mikrobioloji prosesləri və üzvü qalıqların parçalanmasını tezləşdirir. Eyni zamanda ən azı 10 gündən bir olmaqla qarışdırma işlərinin aparılması da kompostun tez-bir müddətdə hazır olmasına gətirib çıxarır.

Kompost hazırlanacaq yerin gölgəlik olması daha məsləhətdir. Əgər belə yer olmazsa o zaman isti aylarda üzərini rəngli polietilen örtük ilə örtmək lazımdır ki, günəş şüaları bakteriyaları məhv etməsin. Bu cür aparılan işlər nəticəsində 2-3 ay ərzində tam hazır kompost almaq mümkündür.

 

Kompostdan necə istifadə etməli?

Kompostu bütün bitkilərə tətbiq etmək mümkündür. Xüsusilə tərəvəz bitkilərinin əkinlərində yüksək səmərə verir. Belə ki, mineral gübrələrdən fərqli olaraq kompost üzvi gübrə olduğundan onun tətbiqi nəticəsində alınan məhsul tam olaraq təhlükəsiz məhsul hesab olunur. Kompost torpağa əkindən qabaq torpağın qidalılıq dərəcəsindən asılı olaraq müxtəlif dozalarda – 10 – 15 ton/ha verilə bilər.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *