Gəncə Aqrobiznes Assosiasiyasının təşkilatçılığı ilə 15.03.2019-cu il tarixində Qax rayonunda Şərq Tərəfdaşlığı ölkələrinin Ərazi Əməkdaşlığı Proqramları çərçivəsində  icra müddəti başa çatmış “Azərbaycanın (Şəki- Zaqatala) və Gürcüstanın (Laqodexi) sərhədyanı ərazilərində kənd təsərrüfatı bitkilərinin zərərvericilərinə  qarşı  bioloji mübarizə üsulunun tətbiqi” layihəsinin yekun konfransı keçirilmişdir.

Tədbirdə Şəki-Zaqatala regionunun bir qrup fermerləri, Dəyər zənciri üzvləri, hədəf rayonlarının İH-nin və KTN-nin yerli nümayəndələri, sahə Elmi-Tədqiqat İnstitutlarının və AMEA-nın alimləri iştirak etmişlər. Giriş sözü ilə tədbir iştirakçıları qarşısında çıxış edən  layihə koordinatoru Şəhriyar Babayev qeyd etmişdir ki, bir ili əhatə edən fəaliyyət dövrü ərzində layihə mütəxəssisləri İnteqrir Bitki Mühafizə Sisteminin (İPM) tətbiqi, bioloji mübarizə və ekoloji standartlara uyğun aqrotexniki qulluq, orqanik məhsul istehsalının prinsipləri və üstünlükləri mövzusunda keçirilmiş çoxsaylı təlimlər, seminarlar, dəirmi masa görüşləri və sahə məsləhət xidmətləri vasitəsilə iştirakçılara  geniş bilik və təcrübələri ötürməyə nail olmuşlar.

Konfransda iştirak edən Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşunaslıq və Aqrokimya İnstitunun direktoru akademik Əlövsət Quliyev, AgriBioEkotex şirkətinin icraçı direktoru k.t.e.n. Əli Əlizadə, Kənd Təsərrüfatı Nazirliyinin Fermerlər, Assosiasiyalar və Kooperativlərlə iş şöbəsinin müdiri Araz İsmayılov və AMEA-nın Ekoloji Kənd Təsərrüfatı üzrə Regional Təcrübə və Resurs Mərkəzin direktoru professor Amin Babayev çıxış edərək ölkəmizdə və həmçinin regionda kənd təsərrüfatına yararlı torpaqların münbitliyinin qorunması və artırılmasında, sabit və keyfiyyətli məhsul istehsalında, həmçinin ətraf mühitin mühafizəsində  ekoloji kənd təsərrüfatının rolu və əhəmiyyəti haqqında dəyərli fikirlər söyləmişlər.

Layihə iştirakçıları olan fermerlər, həmçinin hədəf rayonlarının Yerli İcra Hakimiyyəti orqanlarının, Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri və regiondan olan tərəfdaşlar öz çıxışlarında icrası başa çatmış layihənin regionda aqrar sektorun inkişafına yetərli dərəcədə tövhə verdiyini vurğulamışlar.

Tədbirdə həmçinin Şəki-Zaqatala regionundan olan benefisiar fermerlərlərə orqanik sertifikatların təqdimatı mərasimi keçirilmişdir. Bu uğur AMEA-nın Ekoloji Kənd Təsərrüfatı üzrə Regional Təcrübə və Resurs Mərkəzinin və layihə heyətinin Avropanın ekoloji məhsul istehsalı sahəsində böyük təcrübəyə malik “Rapunzel” şirkəti ilə qarşılıqlı əməkdaşlıq səyləri nəticəsində əldə olunmuşdur. Beləliklə, layihə benefisiarları olan 700-dən artıq fermerdən 200 nəfərinin və yaxud 40 fermer qrupunun Avropanın Bio-İnspekta akkreditasiya orqanı tərəfindən sertifikatlaşdırılması Azərbaycanda ilk hadisə kimi tarixə yazılmış və bu konfransda onlara “Orqanik” sertifikatlar təqdim edilmişdir. Bu əməkdaşlığın praktiki nəticəsi olaraq Şəki-Zaqatala regionunda fəaliyyət göstərən 40 fermer qrupunun bu il istehsal etdiyi 500 ton fındıq məhsulu Almaniya Federativ Respublikasına ekoloji təmiz məhsul (orqanik məhsul) kimi ixrac edilmişdir.

Qeyd edək ki, bütün layihə fəaliyyətləri ölkə Prezidenti İlham Əliyevin 6 dekabr 2016-cı il tarixində imzaladığı Fərmanla təsdiqlənmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin məqsəd və hədəfləri ilə üst-üstə düşmüşdür.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *