Azərbaycan ərazisində tarixən sarı və boz rəngli arılar məskən salıblar. Həmin arılar dağ və dağətəyi bölgələrdə yayılmaqla mövsüm ərzində meşə, çəmən və otlaqlarda olan bitkilərin çiçəklərinin nektar şirəsindən qidalanırlar. Beləliklə bu arılarda min illər ərzində bitkilərin xüsusiyyətlərinə xas olan uzun xortumluluq və eyni zamanda, çiçəklər arasında seçim etməmək əlaməti yaranıb ki, bu da onu başqa növ arılardan fərqləndirən səciyyəvi xüsusiyyətlərdəndir.

Azərbaycan arı genefondunu iki arı növü təşkil edir: Sarı Qafqaz  arısı və Bozdağ Qafqaz arısı. Sarı Qafqaz arısının Lənkaran və Sarı İran, Bozdağ Qafqaz arısının isə Qabaqtəpə və Şahdağ populyasiyası var.  Azərbaycan dünyada ən məhsuldar arılardan olan Bozdağ Qafqaz arısının vətənidir. Bu arı növü Qabaqtəpə arısının populyasiyasına həyat verib. Belə ki, Qabaqtəpə arısı Bozdağ Qafqaz arısının yerli şəraitin təsiri nəticəsində meydana gəlmiş populyasiyadı. Bu arı Daşkəsən rayonunun Qabaqtəpə kəndi ətrafında formalaşdığı üçün Qabaqtəpə arısı adlandırılmışdır.

Qabaqtəpə arısı yerli arı genefondumuzun “Qızıl Arısı” sayılır.

Çünki məşhur Bozdağ Qafqaz arısının bütün müsbət xüsusiyyətlərini özündə cəmləyib. Bununla yanaşı ondan üstün olaraq, yüksək sürətlə inkişaf edib. Gün ərzində nektar ardınca uçuşa tez başlayıb, gec qurtarır. Nektar bolluğu olan rayonlarda belə digər arı cinslərindən çox bal toplayır. Bu xüsusiyyətlər də onun yüksək məhsuldarlığını şərtləndirən əsas cəhətlərdəndir. Soyuq qış, küləkli iqlim şəraitinə uyğunlaşaraq, böyük floramiqrasiya göstəricisi ilə seçilərək daha müsbət üstünlüklərə sahib olub. Qabaqtəpə arısı kəşf olunduqdan, üstünlükləri öyrənildikdən sonra ona maraq daha da artmışdır. Yetişdirilməsi üçün qoruq və stansiyalar yaradılmışdır. Keçmiş SSRİ məkanında, Avropada yetişdirilməsinə həvəs göstərilmişdir. Hətta Amerikaya belə ana arılar aparılmışdır.

Qabaqtəpə arısı görünüşünə görə:

Qabaqtəpə arıları açıq-boz rəngdə olur. Qarın nahiyəsində sarı həlqələr yoxdur. Üzəri tükcüklərlə örtülüdür. Kənardan baxdıqda yan hissələr gümüşü rəngə çalır.

Qabaqtəpə arısı sancmaya meyilli deyil. Bu isə arıçılara üz toru taxmadan işləyə bilmələrinə imkan verir. Beçəvermədən asan qayıdar, yaz ayları sürətlə inkişaf edərlər. Ana arılar gün ərzində 2000 yumurta qoya bilir. Ən uzun xortumlu(dilli) arılardan biridir. Arının şirə vəziləri çiçək dərinliyindən məhsul toplaya bilir və bitkiləri sərbəst çarpaz tozlandırır. Ümumilikdə Bozdağ Qafqaz arıları xortumun uzun olması, sürətli çoxalma qabiliyyətinin olması və qışı yaxşı keçirməsi ilə seçilir. Bozdağ Qafqaz arı cinsi öz sakitliyinə və xortumunun uzunluğuna görə Sarı İran arı cinsindən fərqlənir. Sarı İran arı cinsindən olan Sarı İran və Lənkaran arı populyasiyaları müəyyən dəyişiklik və yerli şəraitə uyğunlaşaraq formalaşan arı növləridir. Onlar əsasən Lənkaran-Astara bölgəsində, Yardımlı, Lerik-Cəbrayıl da, Zəngilan və Naxçıvanda yayılıb.

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *