Suvarılan aran rayonlarında taxılın optimal səpin müddəti oktyabrın 25- i ilə noyabrın 10-u arası hesab olunur. Bu şəraitdə taxıllar əsasən cərgə arası 15 sm olmaqla adi cərgəvi üsulla səpilir.

Payızlıq taxılların tirəli səpin üsulu ilə səpilməsi daha yaxşı nəticə verir. Bu üsulla aparılmış səpinlərdə dən məhsuldarlığı adi cərgəvi səpinlərə nisbətən sortlardan asılı olaraq 5-8 s/ha arasında yüksəlir. Bu səpin üsulunda hektara səpin norması 40-50 % azalmaqla toxum materialına qənaət olunur. Eyni zamanda hektara suvarma norması 30-40 % azalır ki, bu da suvarma suyu çatışmayan bölgələr üçün mühüm əhəmiyyətə malikdir.

Payızlıq taxılların yüksək dən məhsulu verməsi üçün tarlada optimal bitki sıxlığı yaradılmalıdır. Bunu nəzərə alaraq tədqiqatlar yolu ilə optimal səpin norması müəyyənləşdirilmişdir. Belə ki, adi cərgəvi səpinlərdə payızlıq buğdanın optimal səpin norması hektara 3.5-4.0 milyon, tirəli səpinlərdə isə 2.5-3.0 milyon ədəd cücərən dən hesab olunur. Arpanın səpin norması adi cərgəvi səpinlərdə hektara 3.0-3.5 milyon, tirəli səpinlərdə isə 2.0-2.5 milyon ədəd cücərən dən hesab olunur.

Taxılların səpin norması əkinçilik mədəniyyətinin səviyyəsindən asılıdır. Əkinçilik mədəniyyətinin yüksək olduğu təsərrüfatlarda fermerlər taxılı nisbətən aşağı səpin normasında səpməklə toxum materialına xeyli qənaət etməyə nail olurlar.

Yağmurla təmin olunmuş dəmyə bölgələrdə payızlıq taxıllar əsasən bostan, tərəvəz, qarğıdalı, tütün, yonca və s. bitkilərdən sonra səpilir.

Bu bölgələrdə cərgəarası becərilən sələflərin (qarğıdalı, tütün) məhsulu yığıldıqdan sonra sahə bitki qalıqlarından təmizlənərək 20-25 sm dərinlikdə şumlanır. Təsərrüfatlarda bitki qalıqlarını xırdalayan alət varsa, həmin qalıqların xırdalanaraq sahədə saxlanması məsləhət bilinir ki, bu da torpaq münbitliyinin yüksəlməsinə səbəb olur.

Şumdan sonra sahə ağır diskli mala ilə diskləndikdən sonra səpin aparılır.

Cərgə arası becərilən bitkilərdən sonra sahə alaqlardan təmiz və yumşaq vəziyyətdə qalmışdırsa, onda belə sahələrdə torpağı payızlıq buğda üçün üzdən minimal becərmək daha yaxşı nəticə verir. Nəmliklə təmin olunmuş dəmyə şəraitində taxılların səpini oktyabrın 15-dən başlayaraq noyabrın 5-nə qədər başa çatdırılmalıdır.

Səpin adi cərgəvi üsulla aparılmaqla hektara səpin norması buğda üçün 4.0-4.5 milyon ədəd, arpa üçün isə 3.5-4.0 milyon ədəd cücərən dən hesab olunur.

Respublikamızın az yağmurlu quraq dəmyə bölgələrində payızlıq taxılların məhsuldarlığını məhdudlaşdıran amillərdən ən başlıcası yağmurların az olmasıdır. Ona görə də bu şəraitdə taxılın səpini payız yağmurları başlayana qədər başa çatdırılmalıdır.

Quraq dəmyə şəraitində payızlıq taxıllar əsasən taxıldan, qara, faraş və bitkili heriklərdən sonra səpilir.

Payızda sentyabr ayında qara və faraş herik sistemi ilə becərilmiş sahələr malalanaraq səpinə hazırlanır.

Əgər sələf bitkiləri payızlıq taxıl və dən üçün noxuddursa, onda bu sələflərdən sonra torpağı taxıl üçün üzdən (səthi) becərmək lazımdır. Bu zaman sahə diskili mala ilə 10-12 sm dərinlikdə bir-birinin əksi istiqamətində 2 dəfə becərilir və bir başa səpin aparılır.

Quraq dəmyə şəraitində payızlıq taxılların səpini sentyabrın 20-dən oktyabrın 10-na qədər olan müddət ərzində başa çatmalıdır.

Hektara səpin norması buğda üçün 4.0-4.5 milyon, arpa üçün isə 3.0-3.5 milyon ədəd cücərən dən götürülür.

Səpin adi cərgəvi üsullarla (cərgəarası 7.5 və 15 sm ) aparılır.

Quraq dəmyə şəraitdə taxıl səpininin şırım üsulu ilə aparılması bitkilərin nəmliklə təmin olunması baxımından yaxşı nəticə verir. Bu səpin üsulunda toxumlar şırımın dibinə səpilir. Yağış yağan zaman şırımın kənarına düşən yağmurlar axaraq şırımın dibinə tökülməklə orada nəmliyin miqdarını artırır. Nəticədə şırımın dibinə səpilmiş toxumlar normal nəmlənməklə vaxtındacücərir və sonrakı mərhələlərdə bitkilər yaxşı böyüyüb inkişaf edirlər.

Beləliklə, fermerlər taxıl səpinini vaxtında və göstərilən aqrotexniki qaydalarda aparmaqla yüksək məhsul üçün zəmin yarada bilərlər.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *