Yaz əkini üçün əkilmiş kartofun məhsulu iyun-avqust aylarına təsadüf edir. Yerdə qalan 9 ay ərzində kartofu saxlamaq əlavə xərclər və xüsusi şərait tələb edir. Saxlama dövründə məhsulun xeyli hissəsi xarab olur, əmtəəlik qabiliyyətini itirir. Bu həm də toxumluq kartofa da aiddir.

Ona görə də 1 ildə kartofdan 2 dəfə məhsul götürərkən (iyun-avqust və oktyabr-noyabr) həm kartofun çox saxlanması poblemi aradan qalxır – xüsusi anbarlar tələb olunmur, həmdə yay əkinlərindən əldə olunmuş məhsul çox qiymətli toxum materialı hesab olunur. Belə ki, noyabrda yığılan kartof anbarlara sərilir. Dekabr-yanvar aylarında dinclik dövrünü (yarovizasiya)keçirir və fevralda yaz əkini üçün hazır olur.
Kartofun yay əkini üçün əlavə torpaq sahəsi ayrılmasına ehtiyac yoxdur. Fermerlərin bir çoxu yazlıq bitkiləri yığıb qurtardıqdan sonra (taxıl, digər dənli bitkilər) torpaqdan istifadə etmirlər. Həmin torpaqlar iyul ayında şumlanır və avqustun 2-ci ongünlüyündə kartofun yay əkini üçün hazır olur.
Beləliklə respublikanın suvarılan bölgələrində torpaqdan səmərəli istifadə etməklə, əlavə torpaq sahəsi ayırmaq hesabına kartof bolluğu yaratmaq mümkündür və fermerlərimiz bu imkandan istifadə edərək öz büdcələrinə əlavə gəlir daxil edə bilərlər.

Texnologiyanın tətbiqi: Kartof bitkisi üçün ən yaxşı sələf dənli-paxlalı, bostan və tərəvəz bitkiləri və dincə qoyulmuş torpaqlar hesab olunur.
Yaz əkini – torpaq sahəsi payızda şumlanmalı, yanvar ayında hər hektara 20 ton hesabı ilə peyin verilərək 20-25 sm dərınlikdə 2-ci şum aparılmalıdır. Fevralın ortalarında sahələr disklənib malalanaraq əkin üçün hazırlanır. Ən optimal əkin müddəti torpaq və iqlim şəraitindən asılı olaraq fevralın 3-cü və martın 1-ci ongünlüyü hesab edilir.

Kartof sortlarından toxum materialı kimi son illər respublikada geniş tətbiq olunaraq yaxşı məhsuldarlıq göstəricilərinə malik Holland və Alman mənşəli sortlardan Marabella, Aqrı, Solara. İmpala, kondor, Spunta və s. istifadə olunması məsləhət bilinir.
Əkin əllə 70-30 sm, kartof əkənlə 75-25 sm sxemi ilə aparılmalı və hər hektara 50-55 min kartof yumrusu yerləşdirilməlidir. Kartof yumruları kök sisteminin üst tərəfində gövdədə əmələ gəldiyi üçün (kartof yumruları gövdənin deformasiya olunmuş formasıdır) ilk cücərtilər torpağın üstünə çıxan kimi onun dibi doldurulmalıdır.
Suvarma hava şəraitindən asılı olaraq 3-5 dəfə aparılmalı, suvarma şırımlarının uzunluğu isə 30-25-30 sm 40 metrdən olmalıdır.
Xəstəliklərə qarşı mübarizə birinci dəfə profilaktik olaraq 3-5 yarpaq əmələ gələndə, 2-ci dəfə qönçələmə fazasında, zərərvericilərə qarşı (Kolorado böcəyi) yarpaqlarda ilk böcəklər görünəndə aparılmalıdır.

Yarpaqlar saralmağa başlayanadək həm xəstəlik, həm də zərərvericilər daim müşahidə olunmalıdır. Yay əkini üçün ən yaxşı torpaqlar taxıl altından çıxmış sahələr hesab olunur. Taxıl biçini qurtaran kimi iyul ayında sahələrə 20 ton hektar norması ilə peyin verilərək 25-30 sm dərinlikdə şum aparılmalı, iyulun axırlarında sahələr disklənib malanaraq əkin üçün hazır vəziyyətə gətirilməlidir. Yay əkinində sahələrin xüsusilə su təminatında problem olmamalıdır. Ən optimal əkin müddəti avqustun 2-ci ongünlüyü hesab olunur. Bütün aqrotexniki qulluq işləri yaz əkinində olduğu kimi həyata keçirilməlidir.

Qeyd olunan aqrotexniki tədbirlər optimal müddətlərdə həyata keçirilərsə, kartofçuluqla məşğul olan fermerlər istehsal şəraitində yaz əkinindən 25-30 ton, yay əkinindən isə 15-20 ton kartof istehsal edə bilərlər.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *