Çiçək tozu istehsalında nələrə diqqət edilməlidir?

Çiçək tozcuğu toplanılacaq arıxanada və ya yaxınlıqda kənd təsərrüfatı zərərvericilərinə qarşı mübarizə və dərmanlama aparılmamış olmalıdır.
Varroatozla mübarizə aparılan, xəstəlik əlamətləri olan koloniyalardan tozcuq əldə olunmamalıdır;
Pətək daxilindəki və xaricindəki zibildən və yad maddələrin çiçək tozcuğuna qarışmasına imkan verməyən xüsusi tələlər qurulmalıdır;
Rütubətli və nəmli yerlərdə çiçək tozuğu içərisində maya və kif göbələklərinin əmələ gəlməməsi üçün, tozcuqlar  qısa müddətdə toplanmalıdır.
Çiçək tozcuğunun qurudulması və təmizlənməsi.

Çiçək tozcuğu birbaşa günəş şüalarına məruz qalmayan, təmiz və yaxşı havalandırılan bir otaqda, təmiz pambıq parçanın üzərinə ən çoxu 2 sm qalınlıqda yayılaraq qurudulmalıdır. Çiçək tozcuğunun tərkibində suyun miqdarının çox (35%) olması səbəbindən, qurutma işləri zamanı onun nəmliyinə diqqət yetirilməlidir. Satışa çıxarılan qurudulmuş tozcuq üçün ən uyğun nəm miqdarı 2,5-7% arasında olmalıdır. Nəmlilik dərəcəsini praktiki olaraq, tozcuq dənəsini barmaqlarımız arasına alaraq da yoxlaya bilərik. İki barmaq arasına alınmış tozcuq dənəsi fiziki güclə sıxılma nəticəsində dağılır və sonra birləşdirmək istədiksə bir-birinə yapışmırsa, onda bu tozcuqların nəmliliyinin istənilən səviyyədə olduğunu göstərir.
Çiçək tozcuğu havalandırma sistemi olan bir elektrik sobasında və ya quruducu şkafda da qurudulur. Quruducu şkafın istiliyi 30-35 0C-yə tənzimlənir və tozcuqlar 5-6 saat sonra istənilən səviyyədə quruyur. Bu şəkildə qurudulmuş tozcuqlar hava keçirməyən şüşə qablarda 1-2 0C-də (soyuducu da ola bilər) saxlana bilər. Toplanmış tozcuqların içərisində olan yad maddələrin (arı və ya digər cücülərin hissələri, toz, yarpaq parçaları və s.) təmizlənməsi isə qurutma işlərindən sonra rahatlıqla yerinə yetirilə bilər.

Çiçək tozcuğunun tərkibi. Çiçək tozcuğu insan orqanizmi üçün çox dəyərli maddələri özündə daşıyır. Əsas olaraq yüksək dərəcədə zülal və karbohidrat mənbəsi olmaqla yanaşı, çox zəngin vitamin və mineral maddə deposudur. Çiçək tozcuğunda olan vitaminlər: provitamin A (karotinoidlər 5-9 mq/%), B1 vitamini (tiamin 9,2 mq/%), B2 vitamini (riboflavin), B3 vitamini (niacin), B5 vitamini (pankreatin turşusu), B6 vitamini (pridoksin 5 mq/%), B12 vitamini, C vitamini (pantoten turşusu 20-50 mq/%), D vitamini, E vitamini, H vitamini (biotin), K vitamini (kolin inositol), fol turşusudur (5 mq/%).
Çiçək tozunun tərkibində olan mineral maddələrə kalsium, fosfor, dəmir, mis, kalium, maqnezium, silisium, kükürd, natrium, yod, xlor, bor, molibden və b. aiddir. Tozcuqlarda həmçinin alanin, arginin, sistin, qlisin, histidin, izoleysin, leysin, lizin, fenilalanin, metionin, prolin, serin, treonin, triptofan, trizin və valin kimi dəyərli 22-yə qədər amin turşusu, 27 müxtəlif mineral duz, karotinlər, steroidlər, flavonoidlər, yağ turşuları və hormona bənzər böyümə faktorları, diastaza, fosfataza və amilaza kimi dəyərli fermientlər, boyaq maddələri mövcuddur.
Çiçək tozcuğunun istifadə sahələri. Çiçək tozcuğu təbabətdə və arı yetişdiriciliyində geniş istifadə olunur. Çiçək tozcuğu əsasən aşağıdakı sahələrdə istifadə olunur:

• bədənimizi formada saxlamaq və nizamlı qidalanmaq üçün günlük ehtiyacımız olan qida maddələri ilə təmin edir;
• kiçik uşaqların səhər yeməklərində ilıq su və bal qarışığı iştahı açır;
• apiterapiyada;
• tibbdə tozcuq allergiyasının müalicəsində;
• əczaçılıq sənayesində;
• qida sənayesində (tort, keks və çörək hazırlanmasında);
• arıların yetişdirilməsində;
• pətək daxilində sürfələrin yemləndirilməsində;
• ev heyvanlarının, xüsusilə yarış atlarının bəslənməsində;
• elmi tədiqat institutlarının laboratoriyalarında yetişdirilən cücülərin yemləndirilməsində (onların böyümə sürətini artırır);
• kosmetik sənayedə krem, üz təmizəmə südü, lasyon, dəri qidalandırıcı məlhəmlərin hazırlanmasında;
• polinasiya (tozlanma) işlərində;
• ətraf mühitin çirklənməsinin qarşısının alınması işlərində.
Çiçək tozcuğunun əhəmiyyəti. Sağlamlığımızın qorunması və bədən müqavimətimizin artırılmasından başqa çiçək tozcuğunun elm adamları tərəfindən isbat edilmiş bir sıra faydalı xüsusiyyətləri vardır.
• Qanazlığında, eritrositlərin sayını 25-30%, hemoqlobinin miqdarını 15% artırır;
• Bədənimizi formada saxlayır;
•  İdmanda yüksək performans yaradır;
• Antibiotiklərə davamlı olan bağırsaq iltihablarını, yaraları sağaldır;
•  Qəbzlik və bağırsaq keçməməzliyini ortadan qaldırır və babasili sağaldır;
•  Mədə xoraları və yaralarını sağaldır, tibbi müalicə görən xoralı xəstələrin 29%-i sağalarkən, tozcuqla bəslənənlərdə sağalma 60%-ə yaxın olur;
•  Yaraların və yanıqların sağalmasında mühüm rol oynayır. Gündə 2 q çiçək tozcuğu qəbul edilməsi yara və yanıqların sağalmasında 30%-li yüksəliş və sürətlənmə göstərir;
• Stresdən və yüksək əsəbilikdən insanı qurtararaq rahatladır;
•  Müalicəsi çətin olan ishalları sağaldır;
•  Görmə problemi olanlarda gözün görmə qabiliyyətini artırır;
•  Saç tökülməsinin qarşısını alır və saçı şux sıxlaşdırır;
• Prostat xəstəliklərində sağaldıcı təsir göstərir;
•  Kapilliyar qanaxmalarını dayandırır, ürək əzələlərinin işini gücləndirir;
•  Hüceyrələrin təzələnməsini sürətləndirir, yaşlanmanı gecikdirir, gözəllik kremi olaraq dərini qidalandırı və yumşaldır;
•  Yüksək təzyiqi tənzimləyir və soyuqdəyməni sağaldır;
•  Zehni itiləşdirir və düşünmə qabiliyyətini artırır;
• Xəstələrin əhval-ruhiyyəsini qısa müddətdə artırır;
•  Mikrobları məhv edir;
•  Dəri və göz qapağı iltihablarının qarşısını alır;
•  Tənəffüs yolu xəstəlikləri və iltihablarının sagalması üçün çox faydalıdır;
• Həddindən artıq yorğunluq və stresdən qaynaqlanan cinsi həvəssizliyi aradan qaldırır, sonsuzluq probleminin müalicəsində faydalı təsir göstərir;
•  Heyvandarlıqda, xüsusilə yarış atlarının, balıqların, qəfəs quşlarının, toyuq və cücələrinin, məhsuldarlığını artırır, sürətli inkişafını təmin edir;
•  Həzmi sürətləndirir;
•  Heyvanları və insanları radiasiya və şüaların zərərli təsirindən qoruyur;
•  Yeməkdən yarım saat əvvəl qəbul edilməsi zamanı iştahı açır, çəkini artırır.
Çiçək tozcuğunun qəbul edilmə şəkli: tozcuqlar ya təzə halda istifadə olunmalı və yaxud da təzə qalması üçün soyuducuda, təqribən 8 dərəcə temperaturda selofan poket və və ya şüşə qab içərisində saxlanmalıdır. Təzə halda istifadə olunacaq tozcuqlar sərin və rütubətsiz bir şəraitdə dondurucuda da saxlamaq olar.

Çiçək tozcuğu canlıların inkişafı və böyüməsi üçün gündəlik qəbul edilməsi zəruri olan maddələri normada tərkibində saxlayan yeganə təbii qidadır. Bu baxımdan insanların sağlamlığı və qidalanmasında, bədən müqavimətinin qorunmasında mühüm əhəmiyyətə malikdir.
Çiçək tozcuğu səhərlər ac qarnına, səhər yeməyindən ən azı yarım saat əvvəl, ya da axşam yeməyindən ən azı 4 saat sonra, yatmazdan əvvəl sadə halda və ya ilıq süd, həmçinin meyvə şirələrinə qatılaraq qəbul edilməlidir. Gündəlik qəbul edilən doza vəziyyətə görə 3-5 yaşlı uşaqlarda 5-15 q, 6-12 yaşlı uşaqlarda 10-15 q, yetişkinlərdə 15-40 qramdır. Bir yemək qaşığı quru çiçək tozcuğu 10 qramdır.
Tətbiq oluna biləcək tozcuq dozası aşağıdakı kimidir: I həftə 15 q səhərləri acqarına qəbul edilməlidir, II və III həftələr gündə 30 q – yarısı səhər yeməyindən 15 dəqiqə əvvəl, digər yarısı şam yeməyindən 15 dəqiqə əvvəl qəbul edilməlidir. IV həftədə isə I həftədə olduğu kimi təkrar olunur. Buna əlavə olaraq hər səhər yeməyində bir dilim çörəyin üzərinə tozcuqlu bal yaxılaraq, bu yolla 8 q tozcuq qəbul edilməlidir.

    

 

    

 

    

 

 

Müəllif: GABA-nın Arıçılıq üzrə mütəxəssisi İlqar Rəhimov.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *