Fuzariozlar bütün iqlim zonalarında yayılmışdır. Fuzariozların törədicisi bitkinin qida borularını (fuzarioz solma) və toxumlarını (kökün, meyvənin və toxumun çürüməsi, sünbülün, qərzəyin və s.-nin fuzariozu) zədələyir, buda bitkinin qurumasına səbəb olur. xüsusən fuzarioz vilt ən çox zərif lifli pambıq, kətan, kələm, kartof, pomidor və s. üçün qorxuludur.

Solma xəstəliyi (Fusarium oxysporium)- Tropik və Subtropik iqlim şəraitində, xüsusilə qumlu torpaqlarda daha zərərlidir. Göbələk xəstəliklərinə aid olan fusarium funqusu torpaqda mitseli və spor formasında, xüsusilə də dayanıqlı sporları olan xlamidiospor olaraq yaşayırlar. Xəstəliyin əsas mənbəyi toxum və torpaq əsaslıdır. İnfeksiyaya uğramış bitkilərən əldə olunan toxumların təxminən 3%-inin yoluxmuş olduğu və göbələyin toxum qabığı altına yerləşdiyi göstərilmişdir. Bu xəstəlik suvarma suyu, torpaq işləmə alətləri və yoluxmuş bitkilərlə yaxın və ya uzaq məsafələrə daşına bilər.

Göstəricilər: Cavan bitkilərdə ilk əvvəl solma ilə meydana çıxan xəstəlik daha sonra bütövlükdə şitilin (və ya tingin) ölməsi ilə nəticələnir. Yaşlı bitkilərdə isə yarpaq damarlarının açılıb, alt yarpaqların saralması, yarpaq və budaqların solması və yarpaq uclarında nekrozların meydana gəlməsi ilə özünü göstərməkdədir. İstixana şəraitində solma göstəriciləri normalda gün ortasında və isti havalarda özünü daha çox göstərir. Xəstəliyin daha şiddətli olduğu bölgələrdə bitki üzərində açıq çəhrayı rəng sportlar və mitselilərə rast gəlinə bilər. Köklər isə, xüsusilə cavan və yan köklər qaralaraq get-gedə çürüyür. Kök çürüməsi nəticəsində də bitki saralıb solur.

Kök çürüməsi xəstəliyi – Əsasən pomidor, bibər, badımcan, soya, lobya, noxud və yerfıstığını yoluxdurur. Bu xəstəliyi yayan göbələk temperaturu mülayim olan torpaqları sevir.
Göstəriciləri: Digər fusarium növündən olan xəstəliklərdən fərqlidir. Belə ki, bu xəstəlik bitkinin yan köklərindən və ya yeni və zəif köklərdən daxil olaraq getdiyi yol boyu ( toxuma və damar daxilində) qəhvəyi ləkələrə səbəb olur. Vaxt keçdikcə bu ləkələr qaralmağa başlayır. Bol meyvə vermiş bitkilər günəşli günlərdə solaraq yana əyilib daha sonra ölə bilir.

Təpə və kök çürüməsi(Fusarium solani)– Bu göbələyin sporları çox davamlı olduğundan torpaqda uzun müddət canlı qala bilər. Bu xəstəliyin sərin və orta isti havalarda daha çox yayıldığı məlumdur.
Göstəriciləri: Bitkinin yaşıl hissələrində toxuma qaralmaları və nekroz (içi suluq vermiş) ləkələrə səbəb olur. Bəzən bu göstəricilər mozaik virus və pomidorun ləkəli solğunluğu kimi digər virus xəstəlikləri ilə səhv salına bilər. Xəstəlik özünü bəzən təkcə bir budaqda göstərirsə də, çox şiddətli olduğu halda bitkinin ölməsilə nəticələnir. Qəhvəyi rəng ləkələr torpağın 30 sm dərinliyndəki köklərdə meydana çıxaraq ilk başlarda 2-3 sm uzunluğunda vaxt keçdikcə isə 10 sm-ə qədər çata bilir.

Mübarizə üsulları:

  1. növbəli əkinə riayət etmək
  2. xəstəliyə davamlı sortlar əkmək
  3. torpağa fosfor və kalium gübrələri vermək

Xəstə bitkilər dərhal məhv edilməlidir.
Kimyəvi dərmanlardan formaldehid, metil bromid, himeksazol kimi fungisidlər xüsusi göstərişlə tətbiq oluna bilər..
Xüsusilə istixana və toxum yataqlarında xəstəlik yayılmamış torpaq, su və alətlərdən istifadə edilməsinə diqqət yetirilməlidir. Çünki ərazi hər nə qədər xəstə bitkilərdən təmizlənmiş olsa da göbələk sporları torpaqda və suda yaşamağa davam edəcəkdir.

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *