“Azərbaycanın (Şəki-Zaqatala) və Gürcüstanın (Laqodexi) sərhədyanı ərazilərində kənd təsərrüfatı bitkilərinin zərərvericilərinə qarşı bioloji mübarizə üsullarının tətbiqi” layihəsi çərçivəsində Gəncə Aqrobiznes Assosiasiyasının ekspertləri Şəki-Zaqatala bölgəsində IPM-in paylanılmasına cəlb olunması üçün təchizatçılarla sorğu keçirmiş və araşdırma aparmışdır.

Layihənin məqsədi Şəki-Zaqatala iqtisadi rayonunda Beynəlxalq Bitki Mühafizə Sisteminin tətbiqi məqsədi ilə qiymətləndirmə aparmaq, eyni zamanda bölgənin aqrobiznes dəyər zəncirlərində fındıq və tərəvəz məhsulları üçün potensialını təhlil etməkdən ibarətdir.

Layihənin icra edilməsi üçün Şəki-Zaqatala regionunun Şəki, Qax və Zaqatala rayonları hədəf seçilmişdir, bütün fəaliyyətlər və təcrübələr bu 3 rayonda keçiriləcək. Məlumat verdiyimiz kimi, artıq 4 kənd seçilmiş və bu kəndlərdə hədəf istehsalçı qruplar yaradılaraq layihə fəaliyyətlərinə cəlb edilmişdir. Növbəti fəaliyyət olaraq, adı çəkilən rayonlarda yayılmış xəstəliklərə və zərərvericilərə qarşı bitki mühafizə vasitələrinin satıcıları və təchizatçılarının araşdırılması üçün hər bir rayona layihənin dəyər zənciri üzrə mütəxəssisi Arif Abbasov, İcma səfərbərliyi üzrə mütəxəssis Yalçın Nəsibov və Layihə meneceri Şəhriyar Babayevlə birlikdə səfərlər edilmişdir. Əvvəlcədən hazırlanmış və layihə məqsədlərinə uyğun olan sualları özündə əks etdirən anketlərdən istifadə edilərək təchizatçılar arasında sorğu keçirilmiş və onlar tərəfindən suallar cavablandırılmışdır. Görüşlərdə mütəxəssislər tərəfindən layihə haqqında geniş məlumat verilmişdir və nəticə olaraq 10 təchizatçı layihə fəaliyyətlərinə cəlb edilmişdir. Təchizatçılar bu layihəni böyük maraqla qarşıladılar və layihənin müvafiq fəaliyyətlərində iştirak edəcəklərini bildirdilər.

Araşdırma nəticəsində məlum oldu ki, Şəki-Zaqatala rayonunda fermerlər xəstəliklərə və zərərvericilərə qarşı bitki mühafizə vasitələrini təchizat dükanlarından əldə edirlər. Bu dükanlarda ancaq kimyəvi preparatlar satılır. Dükan sahiblərinin bəziləri bioloji mübarizə metodlarından xəbərləri olduğunu bildirsələr də, onların heç biri bu vasitələrin satışı ilə məşğul olmurlar. Səbəb olaraq bildirdilər ki, bu vasitələrdən istifadə edilməsi haqqında alıcıların məlumatı yoxdur heç vaxt istifadə etməyiblər və buna görə bu cür preparatları gətirsələr də, satış edə bilmirlər. Ancaq Zaqatala rayonunda olan bir dükanda orqanik biohumusun satışına rast gəldik.

Səfərlər zamanı Şəki-Zaqatala rayonunda əlavə olaraq bir neçə emal müəssisələrinin sahibkarları ilə də görüşlər oldu və layihə haqqında məlumat aldıqdan sonra bu layihənin rayon üçün və ümumiyyətlə Azərbaycanda ekoloji təmiz məhsulların istehsalında böyük əhəmiyyəti olduğunu vurğuladılar və layihədə iştirak etməkdə maraqları olduğunu bildirdilər.

  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *