Azərbaycanın Daşkəsən, Goranboy və Samux rayonlarında aztəminatlı kənd ailələrinin sosial-iqtisadi vəziyyətinin gücləndirilməsi və inkişafı (SEEDS) əməkdaşlıq layihəsinin açılış tədbiri baş tutmuşdur.

5 iyul 2018-ci il tarixində Gəncə şəhərində Ramada Plaza oteldə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Gəncə Aqrobiznes Assosiasiyası, SOS UK-Azərbaycan Assosiasiyası və Kənd Yaşıl Turizminin İnkişafına Dəstək İctimai Birlikləri tərəfindən icra olunan SEEDS layihəsinin Açılış Tədbiri keçirilmişdir.

SEEDS layihəsi özünün ümdə məqsədi kimi Azərbaycanın Daşkəsən, Goranboy və Samux rayonlarında iqtisadi inkişafın təkanına və iş yerlərinin yaradılmasına dəstək olmağı hədəf götürmüşdür. Layihənin xüsusi məqsədi öz fəaliyyət istiqamətləri üzrə 400 aztəminatlı kənd ailəsinin (2000 şəxsə), başqa sözlə 400 həssas qrupa daxil olan valideynin bazaryönümlü gəlirini və məşğulluğun artmasına yönələn təşəbbüslərinin dəstəklənməsi yolu ilə onların kənd təsərrüfatı və kənd turizmi fəaliyyətlərinin inkişaf etdirilməsini, şaxələnməsini və nəticədə sosial-iqtisadi rifah hallarının davamlı olaraq yaxşılaşmasını nəzərdə tutur. Bütün bu fəaliyyətlərin regionların sosial-iqtisadi inkişafını nəzərdə tutan dövlət proqramlarının, eləcə də beynəlxalq təşkilatlarla olan strateji əməkdaşlıqların məqsədlərinə nail olunmasına töhfə verəcəyi gözlənilir.

Tədbirdə layihənin tərəfdaşı olan müxtəlif nazirliklərin və onların regional idarələrinin nümayəndələri, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin Rəhbəri və digər əməkdaşları, hədəf rayonların İcra Hakimiyyəti strukturlarının və digər rayon idarələrinin rəhbər şəxsləri, layihənin hədəf kəndlərinin yerli idarəetmə orqanlarının və hədəf qrupların nümayəndələri, eləcə də KİV nümayəndələri iştirak etmişdir. Açılış Tədbirində SEEDS layihəsinin fəaliyyətləri və bu istiqamətdə layihənin tərəfdaşları ilə əməkdaşlıq perspektivləri müzakirə olunmuşdur.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *