Bir çox insanlar ağac gövdələrinin ağardılmasını dekorativ məqsədlər üçün edildiyini və estetik xarakter daşıdığını düşünürlər. Həqiqətdə isə, gövdənin ağardılması ağacın həyatında çox vacib rol oynayaraq onun ömrünü uzadır.

Ağaclar öz həyatları prosesində (dövründə) bir çox xarici təsirlərə məruz qalırlar ki, bu təsirləri də birinci olaraq onların qabıqları qarşılayırlar. İqlim şəraitinin dəyişməsi, güclü günəş şüası, kəskin və soyuq külək, şaxta, zərərvericilərin qabıq altında qışlaması, gəmiricilərin hücumu, göbələk xəstəlikləri, insanların ağac yanında ocaq qalaması və s. kimi xarici təsirlər nəticəsində zaman-zaman ağacların qabıqları kobudlaşır, çatlayır, xəstələnir və soyulurlar. Qabıqda yaranmış zədə yerlərindən orqanizmin daxilinə infeksiyalar və zərərvericilər daxil olur, onu zəiflədir, vaxtından əvvəl soluxmaya və ağacın məhvinə gətirib çıxarır. Cavan ağacın hamar qabığı ilə müqayisə etsək, qoca ağacın qabığını necə dəyişdiyini görə bilərik. Bütün xarici təsirlərin, birinci növbədə ağacın qabığı tərəfindən qəbul edildiyini nəzərə alaraq, qabığın sağlam olması üçün əlimizdən gələni etməliyik. Gövdənin ağardılması ona görə zəruridir ki, ağacın qabığının sağlamlığı təmin edilsin.

Gövdənin ağardılmasının aşağıdakı funksiyaları vardır:

– ağacın gövdəsini qış və yaz yanıqlığından qoruyur (yarpaqların olmaması səbəbindən günəş şüaları birbaşa gövdəyə və budaqlara düşür);

– temperaturun kəskin aşağı düşməsi nəticəsində gövdə çatlamasının qarşısını alır;

– qış dövründə kəskin temperatur dəyişmələri zamanı ağacın budaqlarını şaxtadan qoruyur;

– qabıq altında yığılıb qışlayan zərərvericilərin artmasının və onların ağaca vurduğu ziyanın qarşısını alır.

Yuxarıda göstərilən səbəbləri nəzərə alaraq, həm meyvə, həm də dekorativ ağacların gövdələrinin ağardılmasına çox ciddi yanaşmaq lazımdır.

Ağacların gövdələri ağardılarkən havanın temperaturu ən azı+ 30C olmalıdır ki, həmin gün ağardıcı material qurusun və sonralar qopub düşməsin.

Ağac gövdələrinin ağardılması əsasən oktyabr-noyabr aylarında aparılır və bun apayız ağardılması deyilir. Gövdələrin payızda ağardılması ağacları ilk yaz şaxtalarından qoruyaraq onların ömrünü uzadır və məhsuldarlığı artırır. Məsələ burasındadır ki, ağaclar üçün ən təhlükəli günəşli havalar fevral-mart aylarında baş verir, belə ki, gündüz günəşli havalarda temperatur +9÷+110C –yə qədər yüksələrək ağacın gövdəsini və budaqları isidir və ağacda şirə hərəkəti başlayır. Bundan sonra gecələr yaranan şaxtalı havada (minimum da olsa) budaqlarda yığılan maye donur və bunun da nəticəsində hüceyrə parçalanaraq aralanır və gövdədə çat əmələ gəlir. Əgər gövdə ağardılıbsa, ağ rəng günəş şüasını əks etdirərək gövdəni isinməyə qoymur, ağacda şirə hərəkəti gec başlayır və təbii olaraq ağac yaz şaxtalarından sonra oyanır.

Əgər payızda gövdə ağardılmayıbsa, bu işi imkan olan kimi yazın ilk günlərində etmək lazımdır.

Əgər payızda və ya yazda ağardılmış gövdələrin rəngləri yağış vasitəsilə yuyularaq azalıbsa, qabıqdan qopubsa, bu zaman yay aylarında gövdə ağardılır.

Ağacın kök boğazından başlayaraq gövdənin bütün boyu və birinci skelet budaqların 1/3 hissəsi ağardılmalıdır.

         

Ağardıcının qalınlığı 2-3 mm olmalı və ağartma işləri quru havalarda aparılmalıdır.

Ağardılmazdan əvvəl gövdənin soyula bilən qabığı soyulmalıdır. Qabıq soyulan zaman metal alətlərdən istifadə etmək olmaz (qabıqaltı hissəni  zədələyə bilər).

    

Ağardılma üçün aşağıdakı materiallardan istifadə etmək olar:

  1. 10 litr suya: 3kq sönmüş əhəng + 100 qram yapışdırıcı (PVA) + 500 qram göydaş;
  2. 10 litr suya: 3 kq sönməmiş əhəng (söndükdən sonra) +1 litr emulsiya + 400 qram göydaş + 2 kq çay qumu.

Ağaclarınız sağlam və məhsulunuz bol olsun!

Müəllif: GABA-nın Kənd təsərrüfatı mütəxəssisi Arif Abbasov.

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *